KAZBEK TUAYEV AZƏRBAYCAN FUTBOLUNUN YETİŞDİRDİYİ GÖRKƏMLİ İDMANÇILARDAN BİRİDİR
“Azərbaycanın tanınmış futbol mütəxəssisi Kazbek Tuayevin “Neftçi”nin baş məşqçisi vəzifəsindən azad olunması xəbərini təəssüf hissi ilə qarşıladıq. Əlbəttə, futbol klubları müstəqildir. Kiminlə işləyəcəklərini onlar özləri müəyyənləşdirirlər. Bu mənada “Nefçi”nin və baş məşqçilərini dəyişən digər klubların seçiminə hörmətlə yanaşırıq. Ancaq Kazbek Tuayevi azad etmək üçün “Neftçi” rəhbərliyinin seçdiyi metod bizi razı sala bilməz. Qabaqcadan öyrədilmiş bir qrup gənci tribunaya toplamaq, onlara üzərində “Kazbek - istefa!” sözləri yazılmış plakatlar paylamaq, komandanın məğlubiyyətindən istifadə edib baş məşqçiyə hörmətsizlik göstərmək heç bir etik normaya sığmır.
Kazbek Tuayev Azərbaycan futbolunun yetişdirdiyi görkəmli idmançılardan biridir. “Nefçi”nin şöhrətlənməsində futbolçu və məşqçi kimi Kazbek Tuayevin çox böyük rolu olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeninə, Prezident təqaüdünə layiq görülən Kazbek Tuayev Azərbaycan Milli Yığma Komandasının baş məşqçisi olmuş, rəhbərlik etdiyi klublarla dəfələrlə qələbə sevinci yaşamışdır. “Neftçi”nin çempion adını qazanmaqla yanaşı, Azərbaycan Kubokuna da layiq görülməsində Kazbek Tuayevin müstəsna xidməti olmuşdur. O, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri kimi ölkəmizin ictimai-siyasi həyatında fəallıq göstərir. Belə bir mütəxəssisin yolverilməz üsullarla vəzifəsindən uzaqlaşdırılması AFFA-nın, futbol ictimaiyyətinin hədsiz etirazına səbəb olmuşdur.
AFFA rəhbərliyi bir daha klubların müstəqilliyinə, onların seçiminə hörmətlə yanaşdığını bildirməklə bərabər, bütün məsələlərin sivil yolla, danışıqlar stolu arxasında həll olunmasını məqbul hesab edir”.