KEÇƏN İL DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN GƏLİRLƏRİ XEYLİ ARTMIŞDIR
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş tədbirlər 2003-cü ildə fondun büdcəsi ilə təsdiq olunmuş gəlirlər üzrə proqnoza 102,6 faiz, xərclər üzrə proqnoza isə 102,1 faiz əməl edilməsi ilə nəticələnmişdir.
Fondun 2003-cü ildə ümumi gəlirləri 1 trilyon 854,6 milyard manat olmuşdur. Bu, 2002-ci ildəkindən 269,4 milyard manat və ya 17 faiz çoxdur. Gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları 1 trilyon 80 milyard manat olmuş, proqnoz 103,8 faiz yerinə yetirilmişdir. Dövlət büdcəsindən ayırmaların məbləği 768 milyard manat təşkil etmişdir. Keçən ilin əvvəlindən qeyri-büdcə təşkilatlarından və özəl sektordan məcburi dövlət sosial sığorta haqlarının vaxtında yığılmasına artırılan diqqət gəlirlərin tərkibində bu sahələrin xüsusi çəkisinin aybaay artmasına şərait yaratmışdır.
2003-cü ildə qeyri-büdcə təşkilatlarından və özəl sektordan 755 milyard manat məcburi dövlət sosial sığorta haqqı toplanmışdır ki, bu da nəzərdə tutulduğundan 37,4 milyard manat, 2002-ci ildəkindən 158,1 milyard manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə toplanmış vəsaitin 325 milyard manatı büdcədən maliyyələşən təşkilatlardan daxil olmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması il ərzində pensiyaların, müavinətlərin və digər sosial ödənişlərin maliyyələşdirilməsini nəzərdə tutulan vaxtda başa çatdırmağa imkan vermişdir. 2003-cü ildə bu məqsədlə 1 trilyon 845,4 milyard manat vəsait köçürülmüşdür.
Xərclərin tərkibində pensiyaların məbləği 945,3 milyard manat (proqnozdan 42,7 milyard manat çox), işləməyən pensiyaçılara ayrılan müavinətlər 160,2 milyard manat, aztəminatlı ailələrin uşaqlarına müavinətlər 175 milyard manat, kommunal, nəqliyyat və digər güzəştlərin müavinətlərlə əvəz olunması üzrə xərclər 107 milyard manat, digər müavinətlər 386 milyard manat təşkil etmişdir. Bundan başqa, məşğulluq və əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq və əlillərin sosial müdafiəsi baş idarələrinə müvafiq olaraq 10,5 milyard manat və 19,3 milyard manat, sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 19,5 milyard manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması üzrə xidmət haqqı kimi ödəniş müəssisələrinə 14,7 milyard manat vəsait köçürülmüşdür. Fondun mərkəzi aparatının və yerli orqanlarının saxlanmasına isə 7,9 milyard manat yönəldilmişdir.
Beləliklə, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Prezidentin 27 dekabr 2003-cü il il tarixli Fərmanında qarşıya qoyulan bütün vəzifələrin həlli, o cümlədən orta aylıq pensiya məbləğinin “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na uyğun olaraq artırılmasını təmin etmək üçün əsaslı zəmin yaradılmışdır.