Keçmiş məcburi köçkün qadınların peşə bacarıqları təkmilləşdirilib





Bakı, 25 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən "PAŞA Holding" MMC-nin maliyyə dəstəyi ilə "Peşəkar qadınlar" layihəsi çərçivəsində tədbir təşkil edilib. Tədbirə "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsinin iştirakçıları da qoşulub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məcburi köçkün qadınların peşəkar inkişafını dəstəkləmək və onların iqtisadi müstəqilliyini gücləndirmək məqsədilə təşkil olunan tədbirdə peşə ixtisaslarının qiymətləndirilməsi prosesində iştirak edən 25 qadın - 16 nəfər qənnadıçı, 5 nəfər dərzi, 3 nəfər bərbər-vizajist-manikürçü, 1 nəfər bərbər sahib olduqları peşə sahələri üzrə imtahanlardan uğurla keçərək sertifikat əldə edib. Qazanılan nailiyyət onların əmək bazarında daha rəqabətqabiliyyətli olmasına və peşəkar biliklərini təsdiq etməsinə geniş imkan yaradacaq.
Qeyd edək ki, bu təşəbbüs məcburi köçkün icmalarında yaşayan qadınların peşəkar inkişafına töhfə verməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına və iqtisadi güclənməsinə də yol açacaq. Həmçinin layihə çərçivəsində qadınlara yeni bacarıqlar qazandırılaraq onların əmək bazarında aktiv iştirak etməsi üçün geniş şərait yaradılıb.