İQTİSADİYYAT
Kənan Qasımov: Turizm xidmətlərinin göstərilməsi baxımından süni intellekt önəm kəsb etməyə başlayıb
![Kənan Qasımov: Turizm xidmətlərinin göstərilməsi baxımından süni intellekt önəm kəsb etməyə başlayıb](/files/2023/3/1200x630/17017672135419342716_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ixtisaslaşmış turizm müəssisələrinin ilk toplantısı keçirilir. Bu tədbirin keçirilməsi təşəbbüsü Azərbaycana aiddir və ilk dəfədir ki, bu formatda görüş keçirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd, həm Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri, həm də İƏT çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında əlaqələri formalaşdırmaq, təhsil sahəsində yeni nailiyyətlərin müzakirəsini təşkil etmək və bu istiqamətdə gələcəkdə hansı birgə əməkdaşlıqlar barədə fikir mübadiləsi aparmaqdır. Kənan Qasımov vurğulayıb ki, əsas məsələ təhsil sahəsində yeniliklərin müzakirəsi, yeni kurikulumların hazırlanması, təhsil sahəsində yeni təcrübələrin öyrənilməsi müzakirə olunacaq.
“Tədbir çərçivəsində Bakı Bəyyannaməsi imzalanacaq. Bu sənəddə bütün faktlar öz əksini tapacaq və Azərbaycanda, eyni zamanda, region ölkələrində turizm istiqamətində əməkdaşlıqlara yol açacaq. Bakı Bəyannaməsində təcrübə mübadiləsi proqramları, yeniliklərin mübadiləsi öz əksini tapıb. 10 ölkənin birləşdiyi İƏT-in əksər üzv dövlətlərinin nümayəndələri Bakıdadır, əməkdaşlıqların qurulması və beynəlxalq əlaqələrin genişlənməsi baxımdan da tədbir ölkəmizdə turizm sahəsinin inkişafına böyük töhfə verəcək”,- deyə Kənan Qasımov əlavə edib.
Kənan Qasımov qeyd edib ki, turizm sahəsində yeniliklər daima artır və təhsil sistemində yeniliklərə açıqdır: “Süni intellekt həyatımızın hər sahəsinə öz təsirini göstərir, təhsil də bundan kənarda qalmır. Xüsusilə turizm xidmətlərinin göstərilməsi baxımından süni intellekt önəm kəsb etməyə başlayıb. Bundan kənarda qalmaq mümkün deyil. Bu baxımdan təhsil müəssisələrində texnoloji yeniliklərin tətbiqi olduqca vacibdir. Hesab edirəm ki, artıq bu istiqamətdə bir başlanğıc olaraq ilkin addımlar atılıb və süni intellektin turizm sahəsində tətbiqi olduqca yaxındır. Gələcəkdə əldə etdiyimiz biliklər və təcrübələr üzərindən bu istiqamətdə işlər davam etdiriləcək. Bura hələ ki, tam inteqrasiya edə bilmədiyimiz, ancaq böyük imkanların olduğu, sürətlə dəyişikliklərin baş verdiyi bir sənayedir. Bu sahədə müəyyən tənzimləmələrin tətbiqi, bununla bağlı daha böyük informasiyanın və təcrübənin əldə olunması çox zəruridir”, - deyə K.Qasımov qeyd edib.
Qeyd edək ki, dekabrın 4-5-də Bakıda Dövlət Turizm Agentliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” keçirilir.