Kənd təsərrüfatı və ekologiya üzrə göstəricilərin toplanılması yolları müzakirə edilmişdir
Bakı, 19 aprel (AZƏRTAC). Aprelin 19-da Dövlət Statistika Komitəsində (DSK) “Kənd təsərrüfatı və ekologiya statistikası üzrə göstəricilər sistemi” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sistemdən istifadə edən dövlət qurumları nümayəndələrinin iştirak etdikləri seminarda DSK-də 2011-ci ildə yaradılmış kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, 13 mütəxəssisin çalışdığı şöbədə bitkiçilik, heyvandarlıq, ekologiya, balıqçılıq və ovçuluqla bağlı göstəricilər sahibkarlardan, fərdi ev təsərrüfatlarından, nazirlik və idarələrdən, yerli icra orqanlarından toplanılır. Sorğular, hesabat formaları və siyahıyaalınma yolları ilə toplanmış göstəricilər təhlil olunduqdan sonra yayılır ki, bundan da nazirliklər və komitələr, o cümlədən beynəlxalq təşkilatlar istifadə edirlər.
Qeyd olunmuşdur ki, ölkədə 1,3 milyon hesabat verəcək subyekt vardır. Milli parklar, qoruqlar, yasaqlıqlar, atmosfer havasına atılan zərərli maddələr, ovçuluq, balıqçılıq və meşə təsərrüfatı üzrə göstəricilər Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınır. Tibbi tullantılarla bağlı göstəriciləri Səhiyyə Nazirliyi, geoloji kəşfiyyata dair məlumatı isə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti verir.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.