KƏND TƏSƏRRÜFATINA DAİR LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ BAŞA ÇATMIŞDIR
Dünya Bankının kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsinə dair layihəsinin həyata keçirilməsi müddəti bu il başa çatmışdır. Beynəlxalq İnkişaf Assosiasiyası həmin layihənin həyata keçirilməsinə 1997-ci ildə 14,7 milyon dollar ayırmışdı.
Bankın Azərbaycan ofisinin məlumatına görə, layihədən başlıca məqsəd torpaq islahatının və kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsinin uğurla başa çatdırılmasını dəstəkləmək idi. Layihənin əsas tərkib hissəsi - nümunəvi fermer təsərrüfatları yaradılması Dünya Bankının və Aqrar İslahat Fondunun birgə səyləri ilə yerinə yetirilmişdir. Hazırda Bərdə, Lənkəran, Salyan, Ucar və Xaçmaz rayonlarında rentabelli fermer təsərrüfatları fəaliyyət göstərir.
Layihə çərçivəsində fermer təsərrüfatları ilə yanaşı, torpaq sahələrinin qeydiyyatı, informasiya və məsləhət xidmətləri də yaradılmışdır. Beynəlxalq İnkişaf Assosiasiyası fermer təsərrüfatlarının dəstəklənməsi üçün suvarma və drenaj işlərinin yerinə yetirilməsinə 5,52 milyon dollar məbləğində vəsait ayırmışdır. Nəticədə 500 kilometr uzunluğunda suvarma sistemləri təmizlənmiş və yenidən qurulmuş, xeyli sahədə avadanlıq dəyişdirilmişdir.
Dünya Bankı nümayəndələrinin fikrincə, layihənin uğurla başa çatdırılmasında onun daha bir komponenti - fermer təsərrüfatları rəhbərlərinin göstərdikləri səylərin respublikanın müvafiq hökumət strukturları ilə əlaqələndirilməsi mühüm rol oynamışdır.