Kəngərlinin suvarma şəbəkəsində dövlət mülkünə zərər verilib, araşdırma aparılır
Naxçıvan, 30 mart, N.Əsgərov, AZƏRTAC
Kəngərli rayonunun qapalı suvarma şəbəkəsində ümumi dəyəri 627 manat olan 2 siyirtmə və 4 metr uzunluğunda plastik boru birləşmələri yandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Böyükdüz kəndi ərazisində yerləşən, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan 810 hektar qapalı suvarma şəbəkəsinə mart ayının 29-da idarə əməkdaşları tərəfindən baxış keçirilərkən, ümumi dəyəri 627 manat olan 2 ədəd (DN100/PN16) siyirtmənin və 4 metr uzunluğunda (DN100/PN16) plastik boru birləşmələrinin naməlum şəxs və ya şəxslər tərəfindən yandırılaraq tam yararsız hala salındığı aşkarlanıb.
Bununla əlaqədar tərtib olunmuş sənədlər mövcud qanunvericiliyə uyğun baxılması və günahkarların cəzalandırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpa etdirilməsi üçün Kəngərli Rayon Prokurorluğuna və polis şöbəsinə təqdim edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.