CƏMİYYƏT
Keniyalı nümayəndə: Azərbaycanda keçirilən COP29 unikallığı ilə seçilir
Bakı, 14 noyabr, AZƏRTAC
“Mən Keniyada iqlimin davamlı qurulması üzrə əsas təşəbbüslərdən birinə və eləcə də müzakirə etdiyimiz kritik məsələlərdən birinə rəhbərlik edirəm. Ötən gün Keniya ilə Azərbaycan arasında iqlim dəyişiklikləri ilə bağlı müzakirələr baş tutdu. COP29 qlobal iqlim problemini həll etmək üçün bütün dünyaya unikal imkan verir. Bildiyiniz kimi, iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşdirmə ən önəmli tələbdir”. Bunu AZƏRTAC- a müsahibəsində Keniyanın COP29-da nümayəndəsi, ətraf mühitin planlaşması və idarə edilməsi üzrə fəlsəfə doktoru Robert Ogara deyib.
R.Ogara bundan əvvəl baş tutan əksər COP konfranslarında deyilənlərə tam əməl olunmadığını bildirərək qeyd edib: “Ancaq Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP29 unikallığı ilə seçilir. COP29-da müzakirə edilən məsələlərdən biri insanların iqlim dəyişikliyinin mənfi təsirlərinə və fəlakətlərə qarşı dözümlülüyü və adaptasiya qabiliyyətini gücləndirə bilməsi ilə bağlıdır. Bu problem inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrin də üzləşdiyi qlobal böhrandır. Bu böhranla mübarizə aparmaq üçün hər bir ölkədə proqram tərtib edilməli və ona əməl olunmalıdır”.