DÜNYA
KİV: Bir sıra ölkələrin Transxəzər marşrutuna marağı artıb
Tbilisi, 24 iyul, AZƏRTAC
Xəzər regionundan keçən nəqliyyat və logistika layihələrinin əhəmiyyəti artır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı üçün dəmir yolu, quru və dəniz infrastrukturu mühüm əhəmiyyət kəsb edir. Ona görə də Xəzər dənizindəki və Qara dənizdəki limanlar Avrasiya ölkələri üçün dünya ticarətinə pəncərə kimi vacibdir.
Hazırda bu limanlar Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafını sürətləndirir. Bu üç ölkə öz ərazilərindən yükdaşınmalarının həcmini artırmaq üçün birgə səyləri daha da gücləndirir. Artıq bir sıra digər ölkələrin, o cümlədən Özbəkistanın da Gürcüstan limanlarına marağı artıb. Özbəkistanın Baş naziri Abdulla Aripovun Gürcüstana bu yaxınlarda etdiyi rəsmi səfərdən sonra məsələ daha da aktuallaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Bildirilir ki, Gürcüstanın Qara dənizdəki limanları dünya ticarətinə pəncərə rolunu oynamaqdadır. Xəzərin Azərbaycan sektorundakı limanlarla Gürcüstan limanları regionun geosiyasi mövqeyi üçün böyük əhəmiyyət kəsb edir. Özbəkistan hökuməti də Gürcüstan limanlarında terminalları və anbarları icarəyə götürmək və ya yenilərini tikmək istəyir.
Məsələ Gürcüstan və Özbəkistanın baş nazirləri arasında da müzakirə olunub. Hökumət başçıları Şərq-Qərb enerji dəhlizinin işini də müzakirə ediblər.
Qeyd edək ki, Gürcüstanın iki böyük limanı var. Batumi limanı maye yüklər üçün, Poti limanı isə ümumi və toplu yüklər üçün ixtisaslaşıb. Transxəzər beynəlxalq marşrutu Poti limanını Şərqlə Qərb arasında ticarət üçün mühüm əlaqə nöqtəsinə çevirib. O, Xəzər və Mərkəzi Asiyada ən əlçatan liman hesab olunur. Gürcüstanın Türkmənistan, Qazaxıstan və Azərbaycandan neft və neft məhsullarını Avropaya daşımaq üçün Kulevi neft yükləmə terminalı da fəaliyyət göstərir.
Gürcüstanda dəniz nəqliyyatını yaxşılaşdırmaq üçün yeni Anaklia limanının tikintisi planlaşdırılır. Bəzi ölkələrin öz terminalları və anbarları olsa da, Gürcüstan limanlarında həyata keçirilən layihələr və əməkdaşlıq iqtisadi baxımdan mühüm gəlir mənbələri yaradır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi