Kiyev uşaq incəsənət məktəbində görüş
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti M.İ.Verikovski adına 2 nömrəli Kiyev uşaq incəsənət məktəbinin fəaliyyəti ilə tanış olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin direktoru Larisa Rostovtseva təlim-tərbiyə və pedaqoji kadrlarla iş sahəsində görülən işlər, dərs otaqları, onlayn tədrisin qurulması haqqında ətraflı məlumat verib. Eyni zamanda şagirdlərin istedadlarının üzə çıxarılması, onların özünüinkişafına yönəlmiş fəaliyyətlər barədə geniş müzakirələr aparılıb və birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Bununla da nümayəndə heyətinin Kiyev şəhərində görüşləri başa çatıb. Bu gündən etibarən onların Ukraynanın mədəni həyatında öz yeri olan şəhərlərindən biri Odessaya səfəri başlanacaq. Səfər iyunun 21-dək davam edəcək.