Kiyevdəki 247 nömrəli məktəbdə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Kiyev, 27 fevral (AZƏRTAC). “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatı (BİT) Ukrayna paytaxtının Desnyanski rayonundakı 247 nömrəli ixtisaslaşdırılmış ümumtəhsil məktəbində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir təşkil etmişdir. Tədbirdə Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun və Ukrayna ictimaiyyətinin nümayəndələri, din xadimləri, jurnalistlər, Kiyevdəki 37, 188, 247 və 291 nömrəli məktəblərin Azərbaycan siniflərinin şagirdləri iştirak edirdi.
Tədbirin keçirildiyi sinif otağında “Xocalı soyqırımı XX əsrin faciəsidir!” sözləri yazılmış plakat asılmış, partaların üstünə Azərbaycan bayraqları və matəm lentləri ilə bağlanmış qırmızı qərənfillər qoyulmuş, lövhədə erməni faşistləri və onların havadarları tərəfindən öldürülmüş və qətlə yetirilmiş Xocalı sakinlərinin sayı yazılmışdı.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Siyasi elmlər doktoru, fəlsəfə professoru Tələt Əliyev tədbiri giriş sözü ilə açmışdır. O, XX əsrdə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumat vermiş, vurğulamışdır ki, azərbaycanlıların gənc nəsli, harada yaşamaqlarından asılı olmayaraq, Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini ehtiramla yad etməli, Azərbaycan xalqının işğalçı və millətçi ermənilərə qarşı ədalətli mübarizəsi barədə həqiqəti başqa ölkələrdəki yaşıdlarına çatdırmalı, öz tarixi vətənlərinin patriotları olmalı, təhsildə və idmanda uğurlar qazanmalıdırlar.
Tədbirdə “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadov, “Azərbaycançılıq İnstitutu” BİT-in vitse-prezidenti Seyidəli Qədiməliyev, Azərbaycan DİN-in Ukraynadakı nümayəndəsi, dəfələrlə Xocalıda olmuş polis polkovniki Zəfər Əbiyev, 247 nömrəli məktəbin direktor müavini Anna Novikova, “İşıq” müsəlman cəmiyyətinin rəhbəri hacı Əbülfəs Qasımov, Kiyevdəki 37, 188, 247 və 291 nömrəli məktəblərin Azərbaycan siniflərinin valideyn şurasının rəhbəri Teymur Teymurov çıxış etmişlər.
Yazıçı Şamil Sadiq uşaqlara mərdlik və vətənpərvərlik dərsi keçmişdir. Yuxarı sinif şagirdləri Laura Paşayeva, Mətin Hüsizadə və Arzu Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Ukrayna dilində məlumat vermiş, ermənilərin vəhşiliklərini sübut edən faktlar göstərmişlər.
Tədbirdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyinin press-relizləri yayılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev