KİYEVDƏKİ AZƏRBAYCAN DİASPORU DAHA DA FƏALLAŞIR
Kiyev, 19 sentyabr (AZƏRTAC). “Aviakompaniya “Aerosvit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ofisində Ukrayna Azərbaycanlılar Konqresi (UAK) ilə “Aviakompaniya “Aerosvit” QSC arasında müqavilə imzalanmışdır. Bizim diasporun Ukrayna paytaxtında yaşayan üzvlərinin “biznesklass” və “ekonomklass” salonlarında güzəştli tariflərlə daşınması barədə Müqaviləni UAK-ın Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və QSC-nin kommersiya üzrə baş direktorunun birinci müavini Ursula Zillinq imzalamışlar.
Qeyd etmək lazımdır ki, Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi, sərbəst güləş üzrə keçmiş SSRİ, Avropa və dünya birinciliklərində dəfələrlə qalib gəlmiş Oleq Krapivin UAK-ın Kiyev şəhər təşkilatının sədri seçiləndən sonra diasporumuz xeyli fəallaşmışdır. Məhz O.Krapivinin təşəbbüsü ilə bu il Kiyev məktəblərinin birində Azərbaycan dili sinfi açılmışdır, burada müxtəlif tədbirlər - Novruz bayramı şənlikləri, milli musiqi konsertləri, Azərbaycan mətbəxi xörəklərinin təqdimatı, idman turnirləri keçirilir. Yeri gəlmişlən, tezliklə bu məktəbdə açılacaq idman zalında azərbaycanlı uşaqlar, həmçinin Oleq Krapivinin rəhbərliyi ilə güləş sirlərini öyrənəcəklər.
Güzəştli tariflər barədə imzalanmış müqavilə Kiyevdə yaşayan həmvətənlərimizin öz tarixi vətənlərinə - Azərbaycana daha tez-tez gəlməsinə imkan verəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev