KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq səviyyəsi 98 faiz olub
Bakı, 16 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB evləri vasitəsilə biznes subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada çatdırılması təmin edilir. Burada əsas məqsəd hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. Ötən müddət ərzində KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” üzrə seminarda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Agentlik ölkədə KOB subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək səlahiyyətinə malikdir: “Sahibkarların hüquqlarının pozulması ilə bağlı daxil olan şikayət xarakterli müraciətlər üzrə araşdırmalar maraqların tərəflərin iştirakı ilə aparılır, hər bir müraciətin icrasına fərdi qaydada yanaşılır. Bu səpkidə 2022-ci ildə 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bərpası təmin edilib”.
“Hazırda Bakı ilə yanaşı, Xaçmaz və Yevlax şəhərlərində də KOB evi fəaliyyət göstərir. Bu baxımdan, bugünkü seminarın Bakı KOB Evində təşkil edilməsi də müəyyən rəmzi məna daşıyır. Ümid edirəm ki, korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi üzrə keçirilən seminar ölkəmizdə müvafiq beynəlxalq standartın tətbiqinin genişləndirilməsinə və dövlətin həyata keçirdiyi siyasətə öz töhfəsini verəcək”,- deyə Orxan Məmmədov qeyd edib.