Komitə rəsmisi: Məqsəd ictimaiyyətin diqqətini qadınlara qarşı zorakılığın qarşısının alınmasına yönəltməkdir
Bakı, 1 dekabr, AZƏRTAC
Bu gün bütün dünyada qadınlara qarşı zorakılıq mövcuddur və təəssüf ki, ölkəmizdə də bəzi hallarda belə faktlar müşahidə edilir. Hər il olduğu kimi bu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 25 noyabr - Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü çərçivəsində 16 günlük kampaniya həyata keçirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.
Onun sözlərinə görə, kampaniya çərçivəsində Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birgə müxtəlif tədbirlər həyata keçirərək qadınlara qarşı zorakılıqla mübarizəyə dəstək verir.
“Növbəti tədbirlərdən biri bu yaxınlarda Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olundu. Bütün bu tədbirlərin - kampaniyanın əsas məqsədi ictimaiyyətin diqqətini qadınlara qarşı zorakılığın qarşısının alınmasına, bu istiqamətdə qarşıda duran məqsədlərə və həll yollarına yönəltmək, qadınların cəmiyyətdəki rolunun önəmini vurğulamaqdır”, - deyə R.Süleymanzadə bildirib.