ELM VƏ TƏHSİL
“Könülləri fəth edən elm fədaisi” - Təhsil Kompleksində Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş tədbir
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli alim, istedadlı pedaqoq, tərcüməçi, ictimai xadim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84-cü ildönümünə həsr edilən “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, böyük şərqşünas-alim Aida İmanquliyevanın elmə, təhsilə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, Aida xanım şərəfli ömür yolu keçib, şərqşünaslıq elminin inkişafında onun müstəsna xidmətləri olub.
Professor Aida İmanquliyevanın ərəb mühacirət ədəbiyyatına dair əsərlərinin əhəmiyyətindən bəhs edən S.Xanlarova onun üç monoqrafiyanın (“Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”), müxtəlif mövzularda elmi məqalələrin müəllifi olduğunu bildirib.
S.Xanlarova professor Aida İmanquliyevanın 132 nömrəli orta məktəbi qızıl medalla bitirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Aida xanım həm görkəmli alim, pedaqoq, bacarıqlı tərcüməçi, parlaq şəxsiyyət, həm də qayğıkeş ana idi.
Böyük alimin tələbəsi, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Gülnarə Məmmədova Aida xanım ilə bağlı xatirələrini bölüşüb. O, universitetdə təhsil aldığı illərdə görkəmli şərqşünas-alim Aida İmanquliyevanın tələbəsi olmasından qürur duyduğunu söyləyib. “Aida xanım mənim sevimli müəllimim olub. O, gözəl insani keyfiyyətləri, yüksək pedaqoji təcrübəsi, öz daxili kamilliyi və mənəvi zənginliyi ilə daim diqqəti cəlb edirdi. Tələbəlik illərimi xatırlayanda Aida xanımın işıqlı siması gözlərimin önündə canlanır”.
Professor Aida İmanquliyevanın ölkəmizdə ərəbşünaslıq üzrə elmi məktəb yaratdığını bildirən G.Məmmədova alimin ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda görkəmli tədqiqatçısı olduğunu vurğulayıb.
Çıxış edən digər müəllimlər də Aida xanım İmanquliyevanın şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından bəhs ediblər.
Sonra şərqşünas alimin həyat və fəaliyyətindən bəhs edən film təqdim olunub.
Məktəblilər Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.