DÜNYA
Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır
Tokio, 1 iyul, AZƏRTAC
Yaponiya Mərkəzi Bankının sonuncu “Tankan” rüblük araşdırmasının nəticələrinə görə koronavirus pandemiyası fonunda ölkənin böyük istehsalçıları arasında işgüzar inam son on il ərzində ən aşağı səviyyəyə düşüb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiyada nəhəng istehsalçıların işgüzar əhval-ruhiyyəsi aprel-iyun aylarında əvvəlki sorğu ilə müqayisədə mənfi 8-dən mənfi 34 həddinə enib. Bu indeks biznesin yaxşı vəziyyətdə olduğunu bildirənlərlə onun pis olduğunu deyənlər arasındakı fərqi nümayiş etdirir. Göstəricilərin aşağı düşməsinin səbəbinin aprel və mayda Yaponiyada fövqəladə vəziyyət rejimi hökm sürərkən ixracın kəskin azalması ilə əlaqədar olduğu bildirilir.
Qeyri-istehsal sahələri olan turizm və pərakəndə satışda da işgüzar əhval-ruhiyyə 25 bənd azalaraq mənfi 17 həddinə enib. Həmin vaxt insanlar evdə qaldığına görə otel və restoranlar bağlı olub.
Bununla yanaşı, menecerlər ümidlərini itirmirlər. Böyük istehsalçılar üçüncü rübdə inam indeksinin mənfi 27 həddinə qayıdacağına inanırlar. Qeyri-istehsalçılar isə əhval-ruhiyyənin mənfi 14 səviyyəsinə qalxacağına ümid bəsləyirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio