İQTİSADİYYAT
KORPORATİV İDARƏETMƏYƏ DAİR YENİ LAYİHƏ
Dekabrın 18-də Milli Bankda 2002-2005-ci illərdə bank sisteminin inkişafı strategiyası çərçivəsində “Kommersiya bankları üçün səmərəli korporativ idarəetmə standartlarının hazırlanması və tətbiqi layihəsi”nin təqdimatı olmuşdur.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov mərasimdə çıxış edərək bildirdi ki, korporativ idarəetmə standarları bu sahədə ən mütərəqqi beynəlxalq təcrübəyə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ idarəetmə prinsipləri”nə və Bank Nəzarəti üzrə Bazel Komitəsinin “Kredit təşkilatlarında korporativ idarəetmənin səmərələşdirilməsinə dair tövsiyələri”nə istinadən hazırlanmışdır.
Layihə tanınmış “PriceWaterhouseCoopers” audit və konsaltinq şirkəti ilə birlikdə həyata keçirilir. Layihənin reallaşdırılması məqsədi ilə Azərbaycan Banklar Assosiasiyasının timsalında bank ictimaiyyəti ilə sıx əməkdaşlıq təmin edilmişdir.
Xarakterinə görə daha riskli fəaliyyət növü olan bank biznesində səmərəli idarəetmə son dərəcə prinsipial əhəmiyyətə malikdir. Bu baxımdan Milli Bank həm özünün fəaliyyətində, həm də kommersiya banklarında korporativ idarəetməyə xüsusi diqqət yetirir və adı çəkilən layihəni önəmli iş istiqaməti sayır.
Layihənin ikinci və mühüm mərhələsində korporativ idarəetmə standartlarının tətbiqinə başlanacaqdır. Bu, növbəti ilin ən mühüm vəzifələrindən biri kimi qarşıda durur. Milli Bank standartların tətbiqi işində banklara hərtərəfli yardım göstərəcəkdir. Korporativ idarəetmə standartları Milli Bankın prudensial tələbləri sırasına daxil ediləcək və risk yönümlü bank nəzarəti çərçivəsində həyata keçiriləcəkdir.
Mərasimdə “PriceWaterhouseCoopers” şirkətinin nümayəndəsi Ceremi Foster qeyd etdi ki, korporativ idarəetmə, təşkilatların idarə edilməsinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi son dövrlər beynəlxalq aləmdə aktual hesab edilən məsələlərdəndir. Ötən il dünya maliyyə bazarlarını silkələmiş qalmaqallar korporativ idarəetmənin əhəmiyyətini bir daha təsdiqləmişdir.