KRAL ƏBDÜLƏZİZ ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının üçüncü fövqəladə zirvə toplantısında iştirak etmək üçün dekabrın 6-da Səudiyyə Ərəbistanı Krallığına gəlmişdir.
Ciddə şəhərinin Kral Əbdüləziz adına beynəlxalq hava limanında dövlətimizin başçısının qarşılanma mərasimi oldu.
Səudiyyə Ərəbistanı Krallığının və Azərbaycan Respublikasının, eləcə də İslam Konfransı Təşkilatının üzvü olan digər ölkələrin dövlət bayraqları ilə bəzədilmiş hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Ciddə vilayətinin qubernatoru şahzadə Məşəl bin Məcid bin Əbdüləziz, Məkkə vilayətinin qubernatoru şahzadə Əbdülməcid bin Əbdüləziz, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cəfər böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının, Ciddə şəhərinin rəsmi şəxsləri ilə görüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Ciddədən Məkkə şəhərinə yola düşdü.