Kulevi “Qara dəniz terminalı”nda yeni sığorta siyasəti həyata keçirilir
Bakı, 18 aprel (AZƏRTAC). Kulevi “Qara dəniz terminalı”nda bu ildən başlayaraq sığorta paketinə işçilərə dərman və stomatoloji xidmətlər üçün verilən mükafatlardan başqa, əməkdaşların ailə üzvlərinin tibbi sığortası da əlavə edilmişdir. İndi şirkətin hər bir işçisinin həyat yoldaşını və 18 yaşına çatmamış övladını da sığortalamaq hüququ vardır. Tibbi sığorta Gürcüstan və Azərbaycanın bir çox klinikalarını əhatə edir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, terminal fəaliyyətə başladığı gündən həyata keçirilən tibbi sığorta əməkdaşların lazımi tibbi yardımla təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Təşkilatın daxili qaydalarına görə, yeni əməkdaş tibbi sığorta üçün gözləmə müddəti keçməlidir. Gözləmə müddəti əmək müqaviləsinə əsasən, sınaq müddəti hesab olunaraq 3 aydan 6 ayadək davam edir.
Tibbi sığorta üçün işçilərdən hər hansı bir ödəmə tələb olunmur.