KÜR ÇAYI ŞİRVAN ŞƏHƏRİ ƏRAZİSİNDƏ İKİNCİ MÜHAFİZƏ BƏNDİNİ DƏ YARMIŞDIR
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də səhər Kür çayı Şirvan şəhəri ərazisində ikinci mühafizə bəndini də yarmışdır.
Şəhərin Bayramlı qəsəbəsini, Sabirabad rayonunun Minbaşı, Dadaşbəyli, Qaragüney, Zalqarağac, Moranlı kəndlərini su basmışdır. Daşqının məsafəsi geniş olduğundan suyun qarşısını almaq üçün bəndləri bağlamaq mümkün olmamışdır. Daşqın Sabirabad rayonunun ərazisinə doğru yönəlmişdir.
Görülən təcili tədbirlər hadisələrin miqyasını böyüməyə imkan verməmışdır. Prezident İlham Əliyevin göstərişi ilə əlaqədar qurum rəhbərləri təbii fəlakət zonalarına ezam olunmuşlar. Əhali təhlükəli ərazilərdən köçürülür. Daşqının qarşısının alınmasına xeyli canlı qüvvə və texnika cəlb olunmuşdur.
Şirvan və Sabirabaddakı vəziyyətlə bağlı operativ qərargah yaradılmışdır. Qərargaha fövqəladə hallar nazirinin müavini O.Hacıyev rəhbərlik edir.
Hazırda yüzlərlə texnika daşqının qarşısının alınmasına cəlb edilmişdir.
Əhali və mal-qara fəlakət zonasından çıxarılır. İtki yoxdur.
Baş nazirin müavini A.Şərifov, fövqəladə hallar naziri K.Heydərov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Ə.Əhmədzadə hadisə yerindədirlər. Təhlükənin qarşısını almaq üçün Şirvan-Sabirabad magistral yolu da bağlanmışdır. Dövlət qurumlarının bütün rəhbərləri hadisə ilə bağlı rayonlara ezam olunmuşlar. Bütün məsələlər ciddi nəzarət altındadır. Təhlükəni sovuşdurmaq üçün on minlərlə yerli əhali də köməyə qoşulmuşdur. Vəziyyət barədə anbaan Azərbaycan Prezidentinə məlumat verilir. Dövlət başçısının tapşırığı ilə əhali təhlükəli yerlərdən köçürülür və onlar üçün yeni ərazilərdə bütün şərait yaradılır. Əhalinin köçürülməsi və yerləşdirmə işləri indi də davam edir.