KÜR ÇAYINDA BİOGEN MADDƏLƏRİN MİQDARI NORMADAN DƏFƏLƏRLƏ ARTIQDIR
Bakı, 17 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
May ayının I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 11 kubmetr/saniyə artaraq 915 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə normadan artıq olmuşdur.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 603 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.