KÜR ÇAYININ DELTASINDA TƏMİZLƏMƏ İŞLƏRİ SÜRƏTLƏNDİRİLMİŞDİR
Bakı, 15 may (AZƏRTAC). Neftçala rayon fövqəladə hallar komissiyasının sədri Dilavər Əliyev bildirmişdir ki, Kür çayının deltasına Xəzər Dəniz Gəmiçiliyinin daha 5 gəmisi gətirilmişdir. Dövlət Neft Şirkətinin iki əlavə gəmisi də hadisə yerinə gələcəkdir. Bu gəmilərlə Kür çayının Xəzərə qovuşduğu yerdə iki kilometrlik məsafə qısa müddətdə lildən təmizlənmişdir. Dərinlik indi həmin məsafədə 5 metrə yaxındır. Bütün bu işlərin görülməsi Kür çayının suyunun dənizə axmasını xeyli sürətləndirmişdir. Nəticədə Kürdə suyun səviyyəsi bir metrə qədər aşağı düşmüşdür.
Mayın 15-də ilkin məlumata görə, Kürdə sahilboyu ərazidə suyun səviyyəsi 5 santimetr qalxmışdır. Bu, bəndlərin uçmuş yerlərinin bərkidilməsi ilə əlaqədardır. Ümumiyyətlə mütəxəssislərin qənaətinə görə, Kürdə stabilləşmə gedir. Çayda bundan sonra daşqın təhlükəsi gözlənilmir. Kürün qollarının dərinləşdirilməsi istiqamətində də işlər davam gedir. “İnam” gəmisi Kürün qollarını 6 kilometr məsafədə lildən təmizləyəcəkdir. Bu işin ən qısa müddətdə həyata keçirilməsi üçün dövlət səviyyəsində bütün tədbirlər həyata keçirilir. Dövlət qurumları Kür boyu ərazilərdə daşqından xilasetmə tədbirlərini çox böyük qətiyyətlə həyata keçirirlər. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarını ən qısa zamanda yerinə yetirmək üçün bütün qüvvələr səfərbər edilmişdir.