Kürdəmir-Zərdab avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrindən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə start verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 42 kilometrlik avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi.
Otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda hazırda torpaq işləri görülür. Yolboyu yeni yol yatağı inşa edilir. Bunun üçün yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür. Bunun ardınca layihədə nəzərdə tutulmuş yol əsasının işlənilməsi işlərinə də başlanılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə əlaqələndirici bitum səpilməklə yol asfaltlanır, mövcud suötürücü borular sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan aparılan işlər çərçivəsində yeni suötürücü borular, həmçinin kollektor su keçidləri inşa olunur.
Layihənin sonunda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, kilometr göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 ədəd avtobus dayanacağı qurulacaq.
Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.