Kürdəmir-Zərdab yolunun yenidən qurulması ilin sonunadək yekunlaşacaq VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 53-cü kilometrindən ayrılan 42 kilometr uzunluğa malik Zərdab avtomobil yolunun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 35 min əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. Yolboyu yeni yol yatağı inşa edilib, müxtəlif diametrli yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri tikilir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə isə yola asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 250 min kvadratmetrdən çox sahəni əhatə edəcək.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, kilometr göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 avtobus dayanacağı qurulacaq. Kürdəmir-Zərdab yolunun yenidən qurulması işləri bu ilin sonunadək başa çatacaq.
Avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsi yaxşılaşdırılacaq, yolboyu yaşayan sakinlərin hər iki rayon istiqamətində rahat hərəkəti təmin olunacaq.