Kürdəmirdə polis işçiləri günü qeyd edilib
Kürdəmir, 2 iyul, AZƏRTAC
İyulun 2-də Kürdəmirdə Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən fotoguşələrlə və sənədlərlə tanış olublar.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısınin vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli əlamətdar gün münasibətilə polis işçilərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan polisi bu gün dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın qorunmasında böyük fədakarlıq göstərir.
Tədbir Kürdəmir rayon Polis Şöbəsində davam etdirilib. Rayon polis şöbəsinin rəisi, polis polkovniki Arzu Rzayev çıxış edərək, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb. Çıxışlarda Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğu, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitlik şəraitində inkişafına, asayişin mühafizəsinə, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına mühüm töhfələr verdiyi vurğulanıb.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.