Lahıc və Basqalda xarici suvenirlərin çoxluğu narahatlıq yaradır VİDEO
İsmayıllı, 1 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Turistlərin ən çox üz tutduğu bölgələrdən olan İsmayıllının Lahıc və Basqal qəsəbələri təkcə öz qədim tarixləri, daş döşəməli küçələri və əsrlər boyu yaşadılan sənətkarlıq ənənələri ilə deyil, həm də canlı mədəni mühitləri ilə seçilir. Lakin son illər bu məkanlarda minilliklər boyunca formalaşmış sənətkarlıq irsinin fonunda yerli dükanlarda başqa ölkələrdən gətirilmiş, keyfiyyəti aşağı, ucuz suvenirlərin çoxluğu qonaqlar tərəfindən narahatlıqla qarşılanır. Turistlər bildirirlər ki, bu hal həm bölgənin tarixi kimliyinə ziddir, həm də yerli iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Onların fikrincə, Lahıcın misgərlik ənənələrini, Basqalın ipəkçiliyini və digər əl işlərini yaşadan ustalar var ikən, xarici malların vitrinlərdə üstünlük təşkil etməsi mədəni dəyərlərin kölgədə qalmasına səbəb olur.
Məsələ ilə bağlı Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, bu, yalnız Azərbaycana xas məsələ deyil, dünyada müşahidə olunan ümumi tendensiyadır. Onun sözlərinə görə, ucuz və kütləvi istehsal olunan, xaricdən gətirilmiş suvenirlər bazarda daha çox dominantlıq edir və turistlər də qiymət fərqinə görə tez-tez belə məhsullara üstünlük verirlər.“Daha ucuz olduğu üçün turistlər həmin məhsulları tez alırlar. Lakin biz Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda yerli sənətkarlıq nümunələrinin satışının artırılmasında maraqlıyıq və bunun təşviqi üçün ardıcıl iş aparırıq”, – deyə Murad Ağabəyli qeyd edib. O əlavə edib ki, hazırda sənətkarlarla birgə yeni yanaşma tətbiq olunur: daha kiçik ölçüdə, daşınması rahat və qiymət baxımından əlçatan olan əl işlərinin hazırlanması təşviq edilir. Bu, həm turistlər üçün əlverişlilik yaradır, həm də yerli ustaların satış imkanlarını genişləndirir. Artıq bir çox sənətkar minimalist, lakin ənənəni qoruyan yeni məhsul çeşidlərinin üzərində çalışırlar. Görülən tədbirlərin əsas məqsədi tarixi məkanlarda yerli sənətkarlığın qorunması, rəqabət qabiliyyətinin artırılması və bazarda keyfiyyətsiz, xarici suvenirlərin üstünlük qazanmasının qarşısının alınmasıdır.