Ləğv olunmuş 4 bankın əmanətçilərinə 504 milyon manat kompensasiya ödənilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Bu günədək Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış son 4 bank üzrə 21 min 295 əmanətçiyə cəmi 504 milyon manat məbləğində kompensasiyaların ödənilməsi həyata keçirilib.
AZƏRTAC Əmanətlərin Sığortalaması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 2-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBC Bank”ın əmanətçilərinə 175,34 milyon manatdan çox kompensasiya ödənilib. Sentyabrın 2-nə olan məlumata görə, “AGBank” üzrə 3560 əmanətçiyə ödənilən məbləğ 67,49 milyon manat, “NBC Bank” üzrə isə 3645 əmanətçiyə 107,84 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 2-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “AmrahBank” və “Atabank”ın əmanətçilərinə 328,23 milyon manatdan çox kompensasiya verilib. Hesabat dövründə “AmrahBank” üzrə 5381 əmanətçiyə ödənilən məbləğ 128,54 milyon manat, “Atabank” üzrə isə 8709 əmanətçiyə 199,68 milyon manat kompensasiya ödənilib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Atabank” ASC, “AmrahBank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-nin lisenziyaları ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Atabank” ASC və “AmrahBank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Atabank” ASC və “AmrahBank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonuna kimi formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanmasının ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verəcəyi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.