Lənkəran Dövlət Universitetində regional olimpiada keçirilib
Lənkəran, 4 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə regional olimpiadada Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən LDU-nun dosenti İdrak Əsgərov olimpiadanın əhəmiyyətindən danışıb, şagird və tələbələrə bilik yarışmasında uğurlar arzulayıb.
Universitetin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində qazanılan uğurlardan danışıb, iştirakçılara LDU-da təhsil islahatlarının səmərəli nəticələri ilə bağlı ətraflı məlumat verib.
Qeyd olunub ki, LDU bölgə iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafı üçün kadr hazırlığı bazası rolunu uğurla həyata keçirir, yeni ixtisaslar üzrə mütəxəssis hazırlığı istiqamətində fəaliyyətini genişləndirir.
Bilik yarışmasına qatılan 250-dən çox tələbə və şagird seçdikləri fənn üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıb.
Aşkarlığı təmin etmək məqsədilə olimpiada üçün ayrılmış auditoriyalar veb-kamera ilə təchiz olunub və nəzarətçi müəllimlər ayrılıb. Olimpiadanın gedişini Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov da izləyib.
Qaliblərin mükafatlandırma mərasimi martın 10-da keçiriləcək. Qaliblərə LDU-nun fəxri-fərman, diplom və qiymətli hədiyyələri veriləcək.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetində regional fənn olimpiadaları ənənəvi olaraq hər il keçirilir.