REGİONLAR
Lənkəranda Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/1686753601696848796_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867536011009613496_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867536015626336675_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867536014767532977_1200x630.jpg)
Lənkəran, 14 iyun, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyevin xilaskar qayıdışı” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Ulu Öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Heydər Əliyev Azərbaycanın ağır vəziyyətdə olduğu vaxt xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb. Ulu Öndər qısa müddət ərzində Azərbaycanı vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şəraitin yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Ulu Öndər böyük siyasi ustalıq, dərin zəka, dövlətçilik təcrübəsi ilə bütün maneələri aradan qaldıraraq ölkəni dövlət böhranından xilas edib.
Çıxışlarda müxtəlif istiqamətlər üzrə Ulu Öndərin xilaskar qayıdışı barədə məruzələr səsləndirilib. Bildirilib ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən rəhbərliyə qayıdan Heydər Əliyev güclü əzmi və iradəsi ilə ölkəmizi düşdüyü ağır vəziyyətdən qurtarıb, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevirib. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına, sarsılmaz iradəsinə, əzminə, zəngin dövlətçilik təcrübəsinə və siyasi fəhminə arxalanaraq, öz dövlətini qoruyub, qurub və möhkəmləndirib.
Sonda Ümummilli Liderin xilaskarlıq missiyasına həsr edilən videoçarx nümayiş olunub.