Lənkəranda sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb
Lənkəran, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramları Lənkəran rayonunda aqrar sahədə sahibkarlığın inkişafına güclü təkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir martın 6-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə səsləndirilib.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində rayonda sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığını, yeni istehsal müəssisələrinin tikilib istifadəyə verildiyini və bunun nəticəsində yeni iş yerlərinin açıldığını bildirib.
Sahibkarlığın inkişafına verilən davamlı dövlət dəstəyinin, yaradılan əlverişli şəraitin iş adamlarını ruhlandırdığını, onları daha həvəslə işləməyə sövq etdiyini qeyd edən T.Qaraşov, sənaye ilə yanaşı, kənd təsərrüfatında da sahibkarlığın inkişafı üçün geniş imkanların yarandığını diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət tərəfindən tətbiq olunan güzəştlər, verilən kreditlər və subsidiyalar məhsul istehsalçılarının aqrar sahənin inkişafına marağını artırıb.
Bildirilib ki, kənd təsərrüfatının ayrı-ayrı sahələri, o cümlədən çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları rayonda yeni layihələrin icrasına investisiya qoyuluşunu artıracaq. Həmçinin yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması hesabına əlavə iş yerləri açılacaq, “Made in Azerbaijan” brendi ilə məhsul istehsalı artacaq, əldə olunan gəlirin çoxalmasına əlverişli imkan yaranacaq.
Görüşdə çıxış edən sahibkarlar Lənkəranda əlverişli biznes mühitinin yarandığını qeyd edərək, rayonda sahibkarlığın inkişafı ilə bağlı rəy və təkliflərini bildiriblər.