Lənkəranda xüsusi karantin rejimi ilə əlaqədar sosial qayğıya ehtiyacı olanlar xüsusi diqqətdə saxlanılırlar
Lənkəran, 1 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına görə, evdə qalan, sosial yardıma ehtiyacı olan ahıl, tənha vətəndaşların ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi dəstəyin göstərilməsinə diqqət artırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində yaradılmış qərargahın üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyələr vasitəsilə müəyyən edilən belə vətəndaşlar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Mərkəzinin (DSMF) Lənkəran rayon şöbəsinə məlumat verilir və həmin şəxslər dərhal qeydiyyata alınaraq sosial xidmətə cəlb olunurlar.
Hazırda DSMF-nin Lənkəran şəhər şöbəsinin sosial xidmət sahəsində 14 sosial xidmət işçisi 65-i kənd və 54-ü şəhər sakini olmaqla, 119 vətəndaşa xidmət göstərir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi zamanı 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün martın 24-dən daxil olan müraciətlər əsasında daha 37 tənha vətəndaş sosial xidmətə cəlb olunub.
Sosial xidmət işçiləri tərəfindən onlara evlərində sosial-məişət xidmətləri göstərilir, sağlamlıq durumları nəzarətdə saxlanılır. Vətəndaşlarla müntəzəm əlaqə yaradılır, ərzaqları, dərmanları, digər məişət ləvazimatları alınır, kommunal xərcləri ödənilir.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsi tərəfindən bu məqsədlə ayrılmış iki maşın yaşı 65-dən yuxarı olanlara sosial xidmət göstərən işçiləri vaxtında vətəndaşların evlərinə çatdırır.