“Lentatek”in son texnologiyaları “ADEX-24” sərgisində təqdim olunur
Bakı, 26 sentyabr, AZƏRTAC
Türkiyənin aparıcı texnologiya şirkəti “Lentatek” tamamilə yerli və milli imkanlarla hazırlanan məhsul və sistemlərini “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təqdim edir.
Bununla bağlı AZƏRTAC-a şirkətin nümayəndələri məlumat veriblər.
Bildirilib ki, insansız və avtonom sistemlər, hidrogen və yanacaq hüceyrəsi texnologiyaları, kosmos texnologiyaları, kritik obyekt və sərhəd təhlükəsizliyi texnologiyaları, rəqəmsal səhiyyə texnologiyaları sahələrində Türkiyənin qabaqcıl istehsalçılarından biri olan “Lentatek” “ADEX-2024” çərçivəsində tamamilə yerli və milli imkanlarla inkişaf etdirilmiş yüksək texnologiyalı məhsul və sistemlərini nümayiş etdirir: “Lentatek” hidrogen və yanacaq hüceyrəsi texnologiyaları sahəsində qabaqcıl bilik və texnoloji potensialını, eləcə də Ar-Ge imkanlarını bölgədəki yerli və xarici qurum və təşkilatların ehtiyaclarını qarşılamaq məqsədilə əməkdaşlıq layihələri vasitəsilə inkişaf etdirir”.
Məlumat verilib ki, ağır iqlim şəraitində, hərbçilərin təhlükəsizlik və müşahidə sistemlərinin enerji ehtiyaclarını ödəmək üçün yanacaq hüceyrəsi texnologiyaları ilə işləyən “Lentatek”in inkişaf etdirdiyi enerji dəstək sistemləri də sərgidə yer alıb.
Sərgidə diqqəti çəkən “Lentatek”in kameralı dolaşan sursat sistemidir. Belə ki, bu sursat üzərində daşıdığı kamera vasitəsilə düşmən bölgəsindəki hədəflərin müəyyənləşdirilməsi, tanınması və tanıma funksiyalarını yerinə yetirir, əldə etdiyi məlumatları isə görmə xətti və üfüq arxası görmə xətti imkanları sayəsində qərar qəbul edən orqanlara real vaxt rejimində ötürür. Bunun sayəsində həm sistemin özü, həm də digər atəş dəstəyi vasitələri ilə hədəflərin məhv edilməsi təmin olunur. Sistem aşkar etdiyi hədəflər yerini dəyişdikdə, üzərindəki alqoritm sayəsində hədəfə yönələrək onu izləyir və hərəkət zamanı hədəfin məhv edilməsinə imkan verir.