MACARISTAN JURNALİSTİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİÖYRƏNMƏK ÜÇÜN ÖLKƏMİZƏ GƏLMİŞDİR
Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, macarıstanlı jurnalist Bakıya səfərinin ilk günü Fəxri xiyabanda olmuş, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. O, Bakının qədim memarlıq abidələri, o cümlədən İçəri Şəhərlə yaxından tanış olmuşdur.
Qonaq Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində, Dövlət Neft Şirkətində bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə jurnalistə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və acı nəticələri, ermənilərin ölkəmizə təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmısı üçün Dövlət tərəfindən görülmüş işlər, regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin regiondakı təhlükəsizlik və siyasi baxımdan əhəmiyyəti və digər məsələlər barəsində ətraflı məlumat verilmişdir.
Ferens Kepeç Sabirabad, Biləsuvar və İmişli rayonlarındakı qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkmiş, burada məskunlaşmış azərbaycanlıların ağır həyat şəraiti ilə tanış olmuşdur.
Macar jurnalisti Azərbaycana səfərindən, müşahidə etdiyi quruculuq işlərindən məmnun qaldığını bildirmiş, məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində gördüklərindən mütəəssir olduğunu vurğulamışdır. O, Azərbaycan haqqında əvvəllər az məlumatlı olduğunu, lakin bu səfər sayəsində təsəvvürünün genişləndiyini xüsusi qeyd etmişdir.
Tanınmış jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcəyinə inandığını bildirmişdir.