Macarıstanda keçirilən ənənəvi “Əcdadlar günü”ndə Azərbaycan da təmsil olunmuşdur
Bakı, 12 avqust (AZƏRTAC). Macarıstanın Buqaç bölgəsindəki milli parkda ənənəvi “Əcdadlar günü” keçirilmişdir. Hər il təşkil olunan bu xalq bayramının əsas məqsədi macarların türk əsilli olduqlarını və digər türk xalqları ilə çoxəsrlik tarixi, mədəni, mənəvi bağlılığını müasir macar cəmiyyətinə nümayiş etdirməkdir.
AZƏRTAC xəbər verir ki, Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən böyük xalq bayramında ümumilikdə əlli min nəfərə yaxın insan iştirak etmişdir. Ölkə parlamentinin birinci vitse-spikeri Şandor Layoş iştirakçılar qarşısında çıxış edərək xalqın öz soy-kökünü öyrənməsinin və çoxəsrlik ənənələrini yaşatmasının vacibliyini vurğulamışdır.
“Əcdadlar günü” çərçivəsində cıdır yarışları, çövkən oyunu keçirilmiş, əski hunların və macarların Avropaya yürüşünü canlandıran döyüş səhnələri göstərilmiş, şaman musiqisi səsləndirilmişdir. Macarıstan ərazisində qədim türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilmişdir.
Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də iştirak etmişdir. Səfirliyin təşəbbüsü və yardımı ilə Azərbaycan çadırı qurulmuş, orada ölkəmizin qədim tarixini və ümumtürk mədəniyyətinə töhfələrini əks etdirən eksponatlar nümayiş olunmuşdur.