Macarıstanla əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində rəsmi Bakının mövqelərini gücləndirir
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan-Macarıstan əməkdaşlığı hər iki ölkənin beynəlxalq mövqelərini, iqtisadi potensialını, təhlükəsizlik maraqlarının təmin olunması imkanlarını gücləndirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O qeyd edib ki, bu il yanvarın 30-da Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu il yanvar ayında Azərbaycan Prezidentinin Macarıstana rəsmi səfəri zamanı təbii qaz əməkdaşlığı, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında anlaşma Memorandumları da imzalanıb. Rəsmi Bakı və Budapeşt, xüsusən tərəfdaşlığın strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırmaqla, niyyətlərini də bəyan etdilər və başlıca olaraq siyasi və iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyinin anonsunu verdilər. Ölkələrimiz arasında siyasi əməkdaşlıq Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak etməsi, rəsmi Bakının Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsi ilə yeni mərhələyə qədəm qoyub. İqtisadi əməkdaşlıq isə Azərbaycanın Macarıstanın təbii qazla təchizatında yardım göstərməsi, rəsmi Bakının Brüssellə enerji daşıyıcıları ilə təchizat sahəsində strateji işbirliyi ilə daha da genişlənmək imkanı qazanıb. Hər iki ölkə, eyni zamanda, həm də Avropa ölkələrini birləşdirən beynəlxalq təşkilatlarda, həm də başqa təşkilatlarda yaxından əməkdaşlıq edirlər.
“Budapeşt-Bakı əməkdaşlığı hazırkı dəyişkən geosiyasi mühitdə hər iki ölkənin milli və iqtisadi maraqlarını daha effektiv təmin etməyə imkan yaradır, yeni çağırışlara adekvat cavab vermək potensialını gücləndirir. Macarıstanla yaxından əməkdaşlıq və xüsusi münasibətlər Azərbaycanın Aİ ilə əlaqələrində rəsmi Bakının mövqelərini gücləndirir və qarşılıqlı etimadı yüksəldir. Azərbaycanın enerji daşıyıcıları ilə təchizat sahəsində dəstəyi Türk Dövlətləri Təşkilatları ilə yaxın əlaqələr Budapeştin Avropa İttifaqı müstəvisində təsir imkanlarını artırır. Macarıstanın Türkiyə ilə əməkdaşlığının dərinləşməsi, Azərbaycanla münasibətlərin yüksək dinamika ilə inkişaf etməsi Ankara-Bakı-Budapeşt ittifaqını daha da gücləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş nazir Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri və verilən mesajlar Bakı-Budapeşt əməkdaşlığının strateji xarakterini nümayiş etdirdi. Türkiyə Prezidentinin də dəvət olunduğunu nəzərə alsaq, Budapeştdə Türkiyə-Macarıstan-Azərbaycan müttəfiqliyi bir daha yüksək səviyyədə bəyan edildi”, - deyə ekspert qeyd edib.