ORDU
Macarıstanlı qonaqlar “N” hərbi hissəsində olublar
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində olublar.
Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim edilib.
Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olub.
Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktiki fəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş etdirilib.
Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirə edilməsidir.