MƏDƏNİYYƏT
Mağazadan alınan kiçik güldanın qiymətli əsər olduğu aşkarlanıb
Bakı, 24 iyul, Emil Məlikov, AZƏRTAC
İngiltərədə əntiq əşyalar satılan mağazadan cəmi 3 dollara alınan əl ölçülü güldanın hərracda 11,800 dollara satılacağı gözlənilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Canterbury Hərrac Qalereyası”nın məlumatına görə, 10 santimetrlik əsəri İngiltərənin cənub-şərqindəki Surrey qraflığında bir cütlük əldə edib. Onlar təkcə bu kiçik əşyanın üzərində həkk edilmiş naxışların əhəmiyyətli ola biləcəyindən şübhələnirdilər, lakin güldanın nə qədər dəyərli ola biləcəyini bilmirdilər.
“Tərəfdaşımla mən ətrafa nəzər salmaq üçün əntiq əşyalar satılan mağazaya girdik. Mən həmişə kitablara baş çəkirəm, o, isə incəsənət və əntiq əşyalar axtarışında olub. O, mütəxəssis deyil, lakin belə məsələlərdə əla zövqə malikdir. Mağazada güldanı mənə göstərdi və mən bir az laqeydlik göstərərək digər əşyalara da baxmağı məsləhət gördüm”, - deyə əşyanı əldə edənlərdən biri qeyd edib.
Mütəxəssislər güldanın 1845-1927-ci illər arasında yaşamış mərhum yaponiyalı keramikaçı və rəssam Namikava Yasuyukinin əsəri olduğunu müəyyən ediblər. O, Yaponiyanın ən məşhur rəssamlarından biri olub.
“N.Yasuyukiyə məxsus xeyli sayda gözəl işlər bir neçə kolleksiyada saxlanılır və bu əsərlərə maraq çoxdur. O, XIX əsrin sonu və XX əsrin əvvəllərində Yaponiyada yaşayıb yaratmış ən məşhur rəssamlardan biri olub. Təqdim olunan bu balaca güldan da mükəmməl səviyyədə cilalanmış, şüşəyə bənzər səthi ilə unikaldır. 2019-cu ilin aprelində “Canterbury Hərrac Qalereyası”nda eyni rəssamın hazırladığı daha böyük bir güldan yüksək məbləğə satılıb”, - deyə “Canterbury Hərrac Qalereyası”nın rəhbəri, mütəxəssis Kliona Kilroy vurğulayıb.
Qeyd edək ki, güldan iyulun 29-30-da keçiriləcək iki günlük hərracda satış üçün təqdim olunacaq. Onu satan cütlük güldanı aldıqları əntiq mağazasına da ianə verməyi planlaşdırır.