Marneuli rayonunda 9 Aprel qurbanlarının xatirəsi anılıb
Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstanın Marneuli rayonunda 9 Aprel qurbanlarının xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM), “Azərbaycan Evi”nin İnkişaf və Təhsil Mərkəzinin rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri Marneuli bələdiyyəsinin Alget kəndində yerləşən 9 Aprel - 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə gül dəstələri qoyulub. Tədbirdə GAİM-in icraçı direktoru Murad Muradov, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, Marneuli Bələdiyyə Məclisinin deputatı Mahir Bayramov, Marneuli Merinin Alget ərazi birliyi üzrə nümayəndəsi Rasim Ramazanov çıxış edərək gənclərə 9 Aprel və 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.
Daha sonra anım tədbiri GAİM-də davam edib.
Rayonun 7 nömrəli ictimai məktəbinin tarix üzrə baş müəllimi Sərdar Yusubov SSRİ-nin süqutu, Azərbaycan, Gürcüstan və digər dövlətlərin müstəqillik uğrundakı mübarizəsi, keçmiş sovet ordusunun bu xalqların mübarizə əzmini qırmaq üçün törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verib. O, sovet ordusunun 1989-cu il aprelin 9-da Gürcüstanda, 1990-cı il yanvarın 20-də Azərbaycanda törətdiyi qırğınlar arasında paralellər aparıb. Bildirib ki, SSRİ rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq Azərbaycan və gürcü xalqları öz müstəqilliklərinə yenidən qovuşublar. Azərbaycan və Gürcüstan bu gün müstəqil dövlət olaraq dünya birliyində öz layiqli yerlərini tuturlar.
Bu gün, eyni zamanda, Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbərliyi və “QafqazTürk.com” xəbər portalının kollektivi Tesretelidə yerləşən 9 Aprel abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi