Masallıda “Bəbirləri qoruyaq!” ikinci yay düşərgəsi başa çatdı
Masallı, 25 iyul (AZƏRTAC). İyulun 25-də Masallı rayonundakı “Viləş” hotelində Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” ikinci yay düşərgəsi başa çatdı.
AZƏRTAC xəbər verir ki, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin məqsədi Qafqaz bəbirlərinin məskunlaşdıqları yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etmək, gəncləri məktəb yaşlarından ekoloji sahədə maarifləndirmək, onlarda təbiətə sevgi hissini, fəal vətəndaş mövqeyini formalaşdırmaq və inkişaf etdirməkdir.
Hər iki yay düşərgəsi bu il mayın 7-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Qafqaz Biomüxtəlifliyi Sammitinin davamı olaraq həyata keçirilib.
“Bəbirləri qoruyaq!” ikinci yay düşərgəsində məktəblilər bu nadir canlı növünün məskunlaşdığı ərazilər, onların qorunması, insan və ətraf mühit kimi mövzuları əhatə edən təlimlərdə, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda iştirak edib, müxtəlif ekoloji tədqiqatlar apardılar.
Sonda yay düşərgəsində zəngin biliklər əldə edən gənclərə xatirə hədiyyələri təqdim olundu.