Masallıda dördüncü turizm mövsümünün açılışı olmuşdur
Masallı, 25 may (AZƏRTAC). Masallı rayonundakı “Viləş” otelində dördüncü turizm mövsümünün açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə turizm sərgisində nümayiş etdirilən yerli mətbəxin, sənətkarların əl işləri, xalq tətbiqi sənəti və rayonda istehsal edilən kənd təsərrüfatı məsullarının nümunələri ilə tanış olmuşlar.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov turizm mövsümünün başlanması münasibətilə mərasim iştirakçılarını təbrik etmişlər.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da turizmin inkişafı sahəsində bır sıra uğurlar qazanılmışdır.
Bildirilmişdir ki, rayonda fəaliyyət göstərən 32 turizm obyektlərindən və istirahət mərkəzlərindən 28-i Mədəniyyət və Turizm Nazirliyinin sertifikatını almışdır. Son illərdə Masallı rayonuna gələn turistlərin sayı artmaqda davam edir. Turizm obyektlərində və istirahət mərkəzlərində dincələnlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsində rayonda fəaliyyət göstərəcək Turizm Kolleci əhəmiyyətli rol oynayacaqdır.
Tədbirdə bu il aprelin 3-dən 5-dək Bakıda keçirilmiş Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində Masallı rayonunu təmsil edən “İsti-su” sanatoriyasının və “Baba bulağı” istirahət mərkəzinin rəhbərlərinə sərginin sertifikatları təqdim edilmişdir.
Yeli sahibkarlardan İldırım Allahyarov və Səbinə İsmayıllı çıxış edərək yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Mərasim rayonun incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.