MASALLIDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin parkda ucaldılmış abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bayram sevincini yaşayan masallılıları Dövlət müstəqilliyi günü münasibətilə təbrik etmiş, istiqlalımızın dönməz və əbədi xarakter almasında, dövlətçiliyimizin qorunmasında, ölkəmizin beynəlxalq aləmə inteqrasiya edilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışmış, ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 3 ili ərzində ölkəmizdə iqtisadi, siyasi, sosial və mədəni sahələrdə baş verən müsbət dəyişiklikləri, qazanılan nailiyyətləri diqqətə çatdırmışdır.
Toplantıda çıxış edənlər dövlət müstəqilliyimizin yeni mərhələsində ölkəmizin iqtisadi və müdafiə qüdrətinin artmasını, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini və ictimai həyatda demokratik prinsiplərin bərqərar olunmasını Azərbaycan Prezidentinin ardıcıl həyata keçirdiyi davamlı və praqmatik siyasətinin nəticəsi kimi qiymətləndirmişlər.
Tədbir iştirakçıları parkdakı Heydər Əliyev muzeyində və şəkil qalereyasında nümayiş etdirilən eksponatlar və rəsmlərlə tanış olmuşlar.
Rayonun bədii özfəaliyyət kollektivləri mərasimdə rəngarəng konsert proqramı ilə çıxış etmişlər.