MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIMLARIN ÇATDIRILMASINDA ŞƏFFAFLIQ TAM TƏMİN EDİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına daim diqqət və qayğı göstərdiyini xatırladan Ə.Həsənov dedi ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Ermənistanın hərbi təcavüzü nəticəsində el-obasını itirən soydaşlarımızın normal şəraitli mənzillərdə məskunlaşdırılmasını birbaşa öz nəzarətinə götürmüşdür. Çadır şəhərcikləri ləğv edilir, məcburi köçkünlər hər cür şəraiti olan müasir qəsəbələrə köçürülür.
Məcburi köçkünlərə göstərilən yardımların çatdırılmasında şəffaflığın tam təmin olunduğunu bildirən komitə sədri dedi ki, onlar ayrılan vəsaiti plastik kartlar vasitəsilə bankomatlardan alırlar. Dövlətqaçqınkom üçün 2006-cı ilin sonunadək 223 milyon manat vəsaitin ayrılacağı proqnozlaşdırılır. Bu vəsaitin 87 milyon manatı komitənin büdcəsidir. Dövlət Neft Fondundan ayrılan vəsait 110 milyon manatdır. Beynəlxalq humanitar təşkilatların icra etdikləri vəsait isə 26 milyon manatdır.
Ötən ilin noyabr ayından bəri Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Ağdam rayonunda məcburi köçkünlər üçün 13 qəsəbədə 3865 ev tikilmişdir. Bu, 190 min kvadratmetr mənzil sahəsi deməkdir. Bundan başqa, qəsəbələrdə 15 ümumtəhsil məktəbi, 3 musiqi məktəbi, 1 xəstəxana, 9 tibb məntəqəsi, 12 hamam, 7 poçt, 8 klub-icma məntəqəsi və digər sosial obyektlər tikilmişdir. Bütün qəsəbələrdə artezan quyuları qazılmış, su təminatı yaradılmışdır. Əsas avtomobil yollarına asfalt, qəsəbədaxili yollara isə çınqıl döşənmişdir.
Mətbuat konfransında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə görülən işləri, habelə ləğv olunmuş çadır şəhərciklərindəki vəziyyəti əks etdirən film göstərilmiş, jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.