Məhəmməd Barkindo: OPEC ABŞ-ın neft istehsalçıları ilə dialoqu davam etdirəcək
Bakı, 6 mart, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ABŞ-ın neft istehsalçıları ilə dialoqu davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında deyib. O bildirib ki, neftin qiyməti 2015-2016-cı illərdə ucuzlaşan zaman OPEC-ə üzv bütün ölkələr bundan mənfi təsirlənmişdi. ABŞ-da yüzlərlə neft istehsalçısı iflasa uğramışdı. Bu dialoqun davam etməsi hər iki tərəfin xeyrinə olacaq.
“Keçənilki konfrans zamanı ABŞ-ın şist nefti istehsalçıları ilə OPEC rəsmiləri arasında dialoq başlayıb. Qlobal neft bazarı çərçivəsində tərəflər bəzi problemlərlə bağlı bir-birləri ilə əlaqədə olmağa davam edəcək. Biz ABŞ-ın əsas neft istehsalçısı şirkətlərinin rəhbərləri ilə yığıncaq təşkil edəcəyik. Tərəflər neft istehsalında xərclərin aşağı salınması, məhsuldarlıq və hasilat üsulları haqqında fikir mübadiləsi aparacaq. Həmçinin qlobal maliyyə sektorunda fəaliyyət göstərən qurumlar da bu dialoqun iştirakçısıdır. Çünki maliyyə bazarları neftin qiymətinə və sektora təsir edir. OPEC maliyyə bazarlarının əhatə dairəsi və mürəkkəbliyini anlamağa çalışır”, - deyə M.Barkindo əlavə edib.
O qeyd edib ki, OPEC və başda Rusiya olmaqla digər qeyri-OPEC ölkələri bu ilin iyun və noyabr aylarında yenidən bir araya gələrək qlobal neft bazarının vəziyyətini nəzərdən keçirəcək. OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən və bu ilin sonunda başa çatacaq neft hasilatının azaldılmasına dair saziş hazırda icra edilir.
Qeyd edək ki, Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Bunun 759,7 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 624,2 min barrel xam neft, 54,9 min barrel kondensat, 14,3 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.