MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Məhkəmə-Hüquq Şurasının növbəti iclasında hakimlər barədə başlanılmış intizam icraatına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına və digər ciddi nöqsanlara yol verdiklərinə görə Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair İqtisad Məhkəməsinin sədri Rasim Hüseynova və həmin məhkəmənin hakimi Afaq Nuriyevaya, Binəqədi Rayon Məhkəməsinin hakimi Zoya Əliyevaya irad tutulmuş, Nərimanov Rayon Məhkəməsinin hakimi Müslüm Əliyevə və Sabunçu Rayon Məhkəməsinin sədri Arzu Əbilhəsənova töhmət verilmişdir. Həmçinin A.Əbilhəsənovun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş və o, rayon məhkəməsinin sədri vəzifəsinin icrasından azad olunmuşdur.
Eyni zamanda, əvvəllər dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş Xətai Rayon Məhkəməsinin hakimi İsgəndər Qasımovun hakimlik səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında dövlətimizin başçısı tərəfindən xitam verilmişdir.
İclasda, həmçinin oktyabr ayının 1-də hakimliyə namizədlərlə keçirilmiş test imtahanının nəticələri barədə Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir. 609 nəfərin iştirak etdiyi bu imtahanın ən yüksək beynəlxalq standartlara uyğun, tam şəffaf şəraitdə keçirilməsi vurğulanaraq, imtahan prosesinin bütün mərhələlərinin – sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, nəticələrin dərhal, bilavasitə imtahan keçirilən yerdə namizədlərin, habelə 30-dək beynəlxalq təşkilat və yerli QHT təmsilçilərinin, televiziya və digər KİV nümayəndələrinin qarşısında həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilmişdir.
İclasda 307 nəfərin test imtahanında 60 və daha artıq bal toplayaraq yazılı imtahana vəsiqə qazanması bildirilmiş, bu imtahanın keçirilməsi üzrə təşkilati tədbirlər müzakirə olunmuşdur.