İDMAN
Mehmet Emin Bay: Köçəri Oyunları türk xalqlarını yaxınlaşdırır
Astana, 13 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən V Ümumdünya Köçəri Oyunları bütün türk ölkələri və xalqları üçün vacibdir, çünki bu tədbir insanlar, o cümlədən idmançılar arasında daha sıx təmasların qurulmasına xidmət edir.
Bu barədə AZƏRTAC-a Türkiyənin Ənənəvi Güləş Federasiyasının nümayəndəsi Mehmet Emin Bay bildirib. O əlavə edib: “Azərbaycan istisna olmaqla, biz əvvəllər digər qardaş xalqlarımızı yaxından tanımırdıq. Azərbaycan bizim üçün ikinci vətəndir, biz onu ölkəmizdən ayırmırıq. Köçəri Oyunları sayəsində Qazaxıstan, Qırğızıstan kimi türk ölkələri ilə daha yaxından tanış olduq”.
Mehmet Emin Bayın sözlərinə görə, Azərbaycan idmançıları bu yarışlarda yüksək peşəkarlıq nümunəsi göstəriblər. O qeyd edib: “Rəqiblərin güclü olmasına baxmayaraq, idmançılarınızın qələbə şansı yüksək idi. Azərbaycan komandası müəyyən çətinliklərlə üzləşsə də, bir sıra medallar qazanıb. Məsələn, böyük ümidlər bəslənən Azərbaycan idmançılarından biri zədələnərək mübarizəni davam etdirə bilməyib”. Federasiya rəhbəri belə bir hadisənin Türkiyə komandasının da başına gəldiyini xatırladıb.
Azərbaycanın beynəlxalq yarışlara həmişə ciddi hazırlaşdığını qeyd edən Mehmet Emin Bay vurğulayıb: “2022-ci ildə Oyunlar Türkiyənin İznik vilayətində keçirilirdi, həmin yarışlarda azərbaycanlı idmançılar yüksək nəticələr göstərdi və çoxlu sayda medal qazana bildilər”.
Qeyd edək ki, sentyabrın 13-də başa çatacaq V Ümumdünya Köçəri Oyunlarında Azərbaycan 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana