MƏİŞƏT QAZININ SIZMASINDAN PARTLAYIŞBAŞ VERMİŞDİR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 4-də saat 11.08 radələrində Bakının 8-ci mikrorayonunda C.Xəndan küçəsindəki 30/66 nömrəli evin 60-cı mənzilində partlayış baş vermişdir. Nəticədə mənzilin bir otağı əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür. Hadisə zamanı mənzil sahibi Samir Quliyevin həyat yoldaşı Ülviyyə və qızı Əzizə əl və üz nahiyələrindən yanıq xəsarəti almış və 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişlər. Partlayışın məişət qazının sızmasından baş verdiyi güman edilir. Dəyən ziyan müəyyənləşdirilir.