MEK-in fondlarına Belarus Mərkəzi Elmi Kitabxanasından nəşrlər daxil edilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Belarus Mərkəzi Elmi Kitabxanasından beynəlxalq mübadilə çərçivəsində nəşrlər daxil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəşrlər arasında Belarusun tarixi, mədəniyyəti, iqtisadiyyatı, coğrafi mövqeyi, demoqrafiyası, informasiya məkanında yeri və s. haqqında “Belarus müasir sosial-mədəni məkanda: problemlər, çətinliklər, perspektivlər”, “Tarix və mədəniyyətin aktual problemləri: Cild. 4. Belarus Avropa tarixi və mədəniyyəti kontekstində”, “Moldova və Belarusda qaqauzlar: şəxsiyyətin aspektləri və özünüqoruma strategiyası”, “Belarus Respublikasında süni intellektin formalaşması və inkişafının hüquqi təminatının xarici təcrübəsi və perspektivləri” və s. kimi kitablar yer alır.
Müxtəlif elm sahələrini əhatə edən “Uşaqlarda Hirşprunq xəstəliyi”, “Molekulların quruluşunun və reaktivliyinin kompüter modelləşdirilməsi”, “Elastik fazalararası deformasiyaları olan çökmə-bərkitmə ərintilərinin submikroskopik quruluşu və xassələri” və s. əsərlər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, MEK Belarus Mərkəzi Elmi Kitabxanası ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirir, fondlarını zənginləşdirir.