MƏKKƏDƏ ÜMRƏ ZİYARƏTİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Ciddədən İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkəyə gəlmişdir.
Həzrəti Məhəmməd (s) bu torpaqda doğulmuş, peyğəmbərliyə çatmış, İslam dini Məkkədə yaranmışdır. Məkkədəki Allah evi Kəəbə Həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən birinci müqəddəs yerinə çevrilmişdir. Sonralar Kəəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilmişdir. Hər il həcc ziyarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər xüsusi libas geyinərək, Əl-Həram məscidinə gəldilər. Bir neçə mərtəbəli və doqquzminarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.
Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və nümayəndə heyətinin üzvləri bu iki təpə arasındakı bir kilometrlik məsafəni yeddi dəfə qət etdilər.
Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi. Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri davam edir.