“Məktəb seminarları” layihəsi çərçivəsində müzakirələr davam edir
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də “Məktəb seminarları”nın növbəti sessiyaları Yasamal rayonunun ümumtəhsil məktəbləri üzrə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəb direktorları üçün keçirilən sessiyada Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar görülən işlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. O, həmçinin məktəblərdə işin təşkili, ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və digər məsələlərdən danışıb.
Qruplar şəklində təşkil olunan sessiyalarda məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, şagirdlərə psixoloji xidmətin təşkili və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdir.