Məktəbdə Xocalı faciəsinin ildönümü qeyd olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Bakının Zabrat qəsəbəsindəki 71 nömrəli orta məktəbdə Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, anma mərasimi soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılmışdır.
Tədbirdə “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Tariximizin Xocalı səhifəsi” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə Azərbaycanın bu qədim bölgəsinin tarixindən, Xocalı şəhərinin düşmənlərin diqqətini cəlb etməsi səbəblərindən söz açılmış, Xocalı soyqırımının “böyük Ermənistan” irqçiliyinin təzahür forması olduğu diqqətə çatdırılmışdır.
Məktəbin direktoru Mahirə Qocayeva qan yaddaşımıza hopmuş bu faciənin nəticələrini nəinki böyüklərin, hətta kiçiklərin də heç zaman unutmayacağını, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən olan Xocalı qətliamı barədə məktəblilərə vaxtaşırı ətraflı məlumat verildiyini vurğulamışdır.
Tədbirdə məktəbin direktor müavini Şəmsiyyə Azəri, tarix müəllimi Solmaz Quliyeva və başqaları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının beynəlxalq əhəmiyyətindən danışmışlar.
Sonda Miras İB-nin istehsalı olan “Xocalı vaxtı” filmi göstərilmişdir.